Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) dünən keçirilən növbədənkənar parlament seçkilərində səslərin 95 faizini hesablayıb.
YeniAvropa "Sputnik-Armenia"ya istinadla xəbər verir ki, ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində səslərin 53,92 %-ni toplayaraq qalib gəlib.
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ölkə üzrə bütün 2008 seçki məntəqəsindən sayılan 1 milyon 281 911 seçki bülletenindən 53,92% (687 251) Nikol Paşinyanın partiyasına səs verib. Sabiq prezident Robert Koçaryanın rəhbəri olduğu “Ermənistan” bloku isə seçicilərin 21,04 faizini (268 165 nəfər) qazanmaqla ikinci olub.
“Mənim şərəfim var” blokuna 5,23 faiz (Serj Sarqsyan və Artur Vanetsyan), “Çiçəklənən Ermənistan” partiyasına isə (Qagik Tsarukyan) 3,96 faiz seçici səs verib.
Qeyd edək ki, ötən gün keçirilən növbədənkənar parlament seçkilərində 21 siyasi partiya və 4 seçki bloku iştirak edib. Səsvermə hüququ olan 2 milyon 578 min nəfərdən 1 milyon 281 min 174 nəfər seşkidə iştirak edib.
Ölkə üzrə aktivlik 49,4 % təşkil edib.