Malayziyanın baş naziri Muhiddin Yassin iyunun 1-dən bütün ölkə ərazisində tam qapanmanın tətbiqi barədə qərar qəbul edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə mayın 28-də baş nazirin administrasiyası məlumat yayıb.
“Bütün ölkə üzrə strateji əhəmiyyətli sahələr istisna olmaqla, iqtisadiyyatın digər sahələri qapalı elan edilir və iyunun 1-dən başlayaraq fəaliyyətini dayandırır”, – deyə məlumatda bildirilir. Qeyd edilir ki, məhdudiyyətlər 14 gün davam edəcək.
Mayın 28-də Malayziyanın Səhiyyə Nazirliyi ölkə üzrə koronavirusa yoluxmanın gündəlik göstəricisinin 8,2 mini ötdüyünü elan edib. Bu, pandemiyanın başladığı bütün dövr ərzində rekord rəqəmdir. Nazirliyin baş direktoru Hişam Abdulla etiraf edib ki, yerli xəstəxanaların intensiv terapiya şöbələri 90 faizdən çox dolub.
Xatırladaq ki, Malayziyada ilk qapanma ötən ilin martından mayınadək elan edilib. Bundan əlavə, cari il yanvarın 22-dən martın 5-dək ölkədə sosial məhdudiyyətlər tətbiq olunub. Həmin vaxt hökumət orta sutkalıq yoluxma göstəricisini 3 min nəfərədək azaltmağa nail ola bilib.