Bu gün Gürcüstanda milli bayram – Müstəqillik Günü qeyd olunur.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu il də koronavirus pandemiyasına görə dövlət bayramı bir qədər fərqli, qapalı və bir sıra məhdudiyyətlər tətbiq olunmaqla qeyd edilir.
Prezident Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, dövlət və hökumət üzvləri, diplomatik korpusun nümayəndələri Müstəqillik Gününü mayın 26-da Azadlıq meydanında qeyd ediblər.
Salome Zurabişvili paradı qəbul edib. Sonra o, paradda çıxış edib, bayram münasibətilə təbriklərini çatdırıb.
Daha sonra baş nazir İrakli Qaribaşvili, parlamentin sədri Kaxa Kuçava çıxış edərək bayram münasibətilə təbriklərini çatdırıblar.
Hərbi paradda müxtəlif hərbi texnika və döyüş maşınları nümayiş etdirilib, qırıcı təyyarələr və helikopterlər səmada müxtəlif uçuşlar həyata keçiriblər.
Hərbi paradda və ölkənin bölgələrində gənc əsgərlərin andiçmə mərasimləri təşkil olunub.
Gürcüstanın Milli Şurası 103 il əvvəl mayın 26-da Tbilisidə, mərkəzi Rustaveli prospektində yerləşən indiki Gənclər evində Dövlət Müstəqilliyi Aktını qəbul edib.
Qeyd edək ki, bundan iki gün sonra - mayın 28-də isə həmin tarixi binada Azərbaycan öz müstəqilliyini bəyan edib.
Gürcüstanın ictimai-siyasi xadimi Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub.
Sovet imperiyasının hərbi təcavüzü nəticəsində Gürcüstan Demokratik Respublikası süquta uğrayıb.
Gürcüstan müstəqilliyini 1991-ci ilin aprelin 9-da bərpa edib.