Polşa Türkiyədən tank əleyhinə raketlərlə silahlanmış 24 ədəd pilotsuz uçuş aparatı (PUA) almaq qərarına gəlib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə müdafiə naziri Mariuş Blaşak Polşa radiosunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu PUA-lar Avropanın şərqdəki döyüşlərdə uğurlu olan və Yaxın Şərqdə özünü yaxşı cəhətdən göstərən “Bayraktar” aparatlarıdır.
“İndiyə qədər Polşa Silahlı Qüvvələrində mövcud olmayan, lakin yoxlanılmış, effektiv və təcavüzkarı qorxuya salan silahlar orduya daxil olacaq”, - deyə nazir bildirib. O, PUA-ların alınması barədə müqavilənin Polşa Prezidenti Anjey Dudanın mayın 24-də Türkiyəyə səfəri zamanı imzalanacağını deyib.
“Bayraktar” pilotsuz uçuş aparatlarının ilk dəstinin 2022-ci ildə Polşa ordusuna daxil olacağını deyən Mariuş Blaşak müqavilə çərçivəsində maddi-texniki və təlim paketinin də əldə ediləcəyini vurğulayıb.
Qeyd edək ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatının fəaliyyət radiusu 150 kilometrdir. Sürəti saatda 130 kilometrə çatan və 50 kiloqram faydalı yük daşıya bilən aparat avtomatik uçuş və eniş sistemi ilə təchiz olunub.