logo

Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqına üzvlüyə namizəddirlər

16:06 17-05-2021 | icon 3836
Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqına üzvlüyə namizəddirlər

Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqına daxil olmaq üçün assosiasiya edilmiş üçlüyə çevriliblər. Müvafiq memorandum bu gün imzalanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba brifinqdə bəyan edib.

Bildirilib ki, D.Kuleba bu gün moldovalı həmkarı Aurelio Çokoy və Gürcüstan XİN-in rəhbəri David Zalkaliani ilə danışıqlar aparıb.

Ukraynalı nazir deyib: “Biz bu gün mühüm iş gördük – assosiasiya edilmiş üçlüyü yaradan sənədi imzaladıq. Bu, bizim üç ölkənin Avropaya inteqrasiya məsələsində gücləndirilmiş əməkdaşlığı olacaq”.

Onun sözlərinə görə, yeni təşəbbüs Avropa İttifaqına daxil olmaq yolunda hər üç ölkənin daha səmərəli əməkdaşlıq etməsinə imkan verəcək.

 “Biz Avropa barədə öz seçimimizi etdik, Assosiasiya edilməyə dair Saziş imzaladıq və əlbəttə, biz gələcəkdə Avropa İttifaqının üzvləri olmaq istərdik. Bu, üç ölkənin Avropaya inteqrasiyasına alternativin olmaması barədə ismarıcdır. Avropa üçün də alternativ yoxdur, o, Avropada sülhün və tərəqqinin təminatı üzrə hər üç ölkəni ittifaq layihəsi kimi qəbul etməlidir”,-deyə D.Kuleba vurğulayıb.