logo

Parlament fraksiyası Paşinyanı yenidən baş nazir postuna namizəd göstərdi

12:55 03-05-2021 | icon 4235
Parlament fraksiyası Paşinyanı yenidən baş nazir postuna namizəd göstərdi

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyası baş nazir postuna hazırda hökumət başçısının vəzifələrini icra edən Nikol Paşinyanın namizədliyini irəli sürüb.

YeniAvropa Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makuns parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi proseduruna başlamaq üçün bu addımın atıldığını bildirib. Onun sözlərinə görə, növbədənkənar seçkilərin keçirilməsi yalnız bir halda – parlament baş naziri iki dəfə seçmədikdə mümkün ola bilər.

Bir qədər əvvəl Nikol Paşinyan ölkədə növbədənkənar parlament seçkiləri keçirmək üçün istefa verdiyini, lakin seçkiöncəsi dövrdə hökumət başçısı kimi fəaliyyətini davam edəcəyini bildirmişdi.

Ermənistan qanunvericiliyinə görə, parlamentə növbədənkənar seçkilər onun buraxılmasından sonra 30 gündən tez və 45 gündən gec olmayaraq keçirilir. Parlamentin buraxılması mexanizmi istefadan sonra formal olaraq işə salına bilər. Deputatlar iki həftə ərzində iki dəfə baş naziri seçməsə, parlament buraxılacaq. Nikol Paşinyanın sözlərinə görə, bunun üçün hakim fraksiya onun namizədliyini iki dəfə irəli sürəcək və onu təsdiqləməyəcək.

Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçirilməlidir.