Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüş üçün Vatikanı ən ideal yer hesab edir.
YeniAvropa xəbər verir ki, Vladimir Zelenski bu barədə “La Repubblica” qəzetinə müsahibəsində deyib.
“Müqəddəs taxt Donbasda sülhün bərqərar olması üzrə dialoq üçün ideal məkan ola bilər”, - deyə Ukrayna Prezidenti bildirib. O, həmçinin Rusiya lideri ilə görüşün mütləq baş tutacağına əminliyini ifadə edərək deyib: “Bu görüş Donbasda müharibənin dayandırılması və sülh prosesinin başa çatdırılması üçün vacibdir”.
Ukrayna prezidentinin sözlərinə görə, Vatikan digər dünya oyunçularından mənəvi qüvvə olaraq qalması, həmçinin hərbi, siyasi və iqtisadi maraqlarının olmaması ilə fərqlənir, eyni zamanda, tərəfsiz ölkə kimi davranır.
“Görüş yeri hər iki tərəfdə inam hissi yaratmalıdır. Bu, yalnız o zaman effektiv olacaq və biz sözün əsl mənasında mahiyyət üzrə danışıq apara biləcəyik”, - deyə Vladimir Zelenski əlavə edib.