Aprelin 23-də Birləşmiş Ştatların iki B-52H “Stratofortress” strateji bombardmançı təyyarəsi Qətərdə yerləşən aviabazaya gətirilib. Onlar ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması üzrə əməliyyatı müşayiət edəcək.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
“Bombardmançı təyyarələr qoşunların Əfqanıstandan çıxarılması üzrə əməliyyatın gedişində Amerika qüvvələrinin və koalisiyanın qorunması üçün yerləşdirilib”, - deyə bəyanatda bildirilir.
Məlumatda deyilir ki, ABŞ Hərbi Hava Qüvvələri hərbçilərin nizamlı və təhlükəsiz çıxarılması üçün lazımi müdafiəni təmin etmək niyyətindədir.
Xatırladaq ki, 2020-ci il fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib.
Bir müddət öncə ABŞ prezidenti Cozef Bayden ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesinin may ayında başlanacağını və sentyabrın 11-də yekunlaşacağını bildirib.