Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur. 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi gündür.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu münasibətlə ölkə parlamentinin sədri Mustafa Şəntopun rəhbərliyi ilə rəsmi heyət Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət ediblər.
Anıtqəbrin önünə əklil qoyulub, dövlət himni səsləndirilib, parlament sədri xatirə kitabına ürək sözlərini yazıb.
Türkiyənin milli təhsil naziri Ziya Səlcukun rəhbərliyi ilə ölkənin təhsil və uşaq təşkilatlarından ibarət heyət də Anıtqəbri ziyarət edib.
Qeyd edək ki, hazırda bütün dünyanı cənginə alan ölümcül yeni növ koronavirusun (COVID-19) yayılmasına qarşı görülən tədbirlərə uyğun olaraq, Milli Suverenlik və Uşaq Bayramı münasibətilə keçirilməli kütləvi yığıncaqlar ləğv edilib. Buna baxmayaraq, küçə və meydanlar bayramsayağı bəzədilib.