Gürcüstanda 1989-cu il 9 Aprel qurbanlarının xatirəsi anılır.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, gürcü xalqı, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar Gürcüstan parlamentinin binası önündə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edirlər.
Gürcüstan rəsmiləri, Tbilisidə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, din xadimləri, minlərlə insan abidə önünə əklil qoyur və gül dəstələri düzür, şəhidlərin xatirəsini ehtiramla yad edirlər.
Qeyd edək ki, 1989-cu il aprelin 9-da Tbilisidə baş verən faciədən 30 il ötür. Həmin gün sovet ordusu Tbilisidə Gürcüstanın müstəqilliyi uğrunda başlamış dinc nümayişi tanklardan və zəhərləyici qazlardan istifadə etməklə qəddarlıqla dağıdıb.
1989-cu il 9 aprel faciəsi zamanı 21 nəfər ölüb, yüzlərlə insan yaralanıb, 3500 nəfər kimyəvi qazdan zəhərlənib.