Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarı Mişel və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Türkiyəyə səfər ediblər.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qonaqları Ankarada qəbul edib.
Avropa İttifaqı Şurasının prezidenti Şarı Mişel vurğulayıb ki, Aİ-nin strateji məqsədi Şərqi Aralıq dənizində təhlükəsizlik və sabitlik, Türkiyə ilə qarşılıqlı səmərəli və faydalı münasibətlərdir.
Gündəlikdə olan digər məsələlər barədə fikir və mülahizələrini bölüşən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen vurğulayıb ki, Türkiyə 4 milyon qaçqına ev sahibliyi edir. O, qeyd edib ki, Avropa İttifaqının qaçqınlarla bağlı yardımlarını davam etdirməsi məsələsində qərarlıyıq.
Avropa İttifaqı rəhbərlərinin Türkiyəyə səfərini yüksək dəyərləndirən prezidentin müşaviri İbrahim Kalın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı ilə əlaqələrdə Türkiyənin perspektivlərini ortaya qoyduğunu xatırladaraq müzakirə olunan məsələlər barədə ümumi məlumat verib.
Görüşdə həmçinin davamlı sabitlik və təhlükəsizlik naminə DEAŞ, PKK/YPG və FETÖ kimi terror təşkilatlarına qarşı ortaq mübarizə aparmağın əhəmiyyəti dilə gətirilib.
Xatırladaq ki, martın 19-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa İttifaqı Şurasının prezidenti Şarı Mişel və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen keçirdikləri birgə videokonfransda qarşılıqlı münasibətlər, regional proseslər, o cümlədən koronavirus pandemiyası ilə birgə mübarizəyə dair müzakirələr aparıblar.