logo

İtaliya iki rus diplomatını casusluq ittihamı ilə ölkədən çıxaracaq

10:51 01-04-2021 | icon 2100
İtaliya iki rus diplomatını casusluq ittihamı ilə ölkədən çıxaracaq

İtaliya polisi bir gəmi kapitanı və bir rus diplomatı casusluqda şübhəli bilərək saxlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, “casusluq və dövlət təhlükəsizliyi ilə bağlı ağır cinayət” törətməkdə ittiham olunan və adları açıqlanmayan şəxslər məxfi məlumatların ötürülməsi zamanı saxlanılıblar. Hadisə ilə əlaqədar İtaliya Hərbi Dəniz Qüvvələrinin kapitanı və Rusiyanın Romadakı səfirliyinin diplomatı saxlanılıblar. Səfirliyin digər əməkdaşı və saxlanılan diplomatın tezliklə İtaliyadan çıxarılacağı bildirilir.

İtaliya polisinin (karabinieri) verdiyi açıqlamada İtaliyanın əks-kəşfiyyat xidmətinin (AİSİ) apardığı uzunmüddətli təhqiqatları nəticəsində hərbi donanmadakı casusluq hadisəsinin aşkarlandığı qeyd edilib.

İtaliyanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiyanın İtaliyadakı səfiri Sergey Rasovun nazirliyə dəvət olunduğunu açıqlayıb. Səfirliyin açıqlamasında isə bu hadisə barədə əlavə şərh verməkdən imtina olunub, iki ölkə arasındakı münasibətlərə xələl gəlməyəcəyinə ümid ifadə olunub.

Qeyd edək ki, bu hadisə Avropa ölkələrinin Rusiyaya qarşı iddia etdikləri casus qalmaqalları çərçivəsində ən son hadisədir. Bundan öncə isə Bolqarıstan altı rusiyalı vətəndaşa qarşı casusluqla bağlı ittiham irəli sürmüşdü. Ötən ilə isə Niderland Krallığı iki rus diplomatını casusluq ehtimalı ilə ölkədən çıxarmışdı.