logo

Paşinyana Moskvadan gözlənilməz rəqib gəlir, üstəlik milyarder...

12:11 28-03-2021 | icon 2429
Paşinyana Moskvadan gözlənilməz rəqib gəlir, üstəlik milyarder...

Rusiya erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyan Ermənistanda iyun ayına təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.

 YeniAvropa xəbər verir ki, “MosArmİnfo” saytına müsahibəsində Ara Abramyan deyib ki, Ermənistan indi uçurum qarşısındadır və bu səbəbdən hər bir vətəndaş ölkəyə qayıdıb səsvermədə iştirak etməlidir.

Abramyan vaxtilə Nikol Paşinyana qarşı mübarizə aparmadığına görə özünü qınayıb. “Mən Ermənistana gedəcəyəm və növbədənkənar seçkilərdə fəal iştirak edəcəyəm. Mən özümü günahkar sayıram, çünki mübarizə aparmadım, soruşmadım ki, o kimdir, haradan gəlib?”,-erməni əsilli rusiyalı oliqarx bildirib.

Ara Abramyan deyib ki, tezliklə növbədənkənar seçkilərlə bağlı öz proqramını açıqlayacaq, seçkilərə hansı qüvvə ilə gedəcəyini elan edəcək. Komandasının kimlərdən ibarət olacağını bildirəcək. O, Ermənistanın indi olduqca acınacaqlı vəziyyətdə olduğunu, belə vəziyyətdə seçkilərin keçirilməsinin yersiz olduğunu qeyd edib. “Paşinyanın seçkilərdə iştirak etmək üçün mənəvi haqqı yoxdur, əminəm ki, o heç bir səs də qazana bilməz, çünki bizim xalq müdrikdir. Sadəcə olaraq xalqa situasiyanı düzgün izah etmək lazımdır”,-Abramyan deyib.

Ara Abramyanı Paşinyan üçün gözlənilməz rəqib də hesab etmək olar. Çünki o, indiyədək Ermənistandakı rusiyameylli qüvvələrə fəal dəstək versə də özü siyasətə birbaşa qarışmırdı. Lakin indi Abramyan şəxsən seçkilərə qatılacağını deyir və belə görünür ki, o hansısa koalisiyaya rəhbərlik edəcək. İri kapitala malik olan Abramyan Ermənistan siyasətində bu baxımdan yeni fiqur hesab edilə bilər və əgər o, öz kapitalını seçkilərdə gen-bol xərcləsə Paşinyanın hakimiyyəti əldə saxlaması çətinləşəcək.

Abramyan ikinci Qarabağ müharibəsi zamanı öz kapitalını Ermənistan ordusu üçün Rusiyadan silah-sursat alıb göndərməyə sərf edirdi və o zaman Azərbaycan tərəfi bununla bağlı bütün məlumatları əldə etmişdi. Prezident İlham Əliyev Rusiyadakı erməni milyarderlərinin Ermənistana silah alıb göndərdiyi barədə öz çıxışlarında da demişdi.

İstisna deyil ki, keçmiş prezidentlərdən Serj Sərkisyan və partiyası da Abramyanla ittifaqa girə bilər. O cümlədən seçkilərdə şansı çox aşağı dəyərləndirilən Robert Köçəryanın da oliqarxa dəstək verməsi mümkündür./Virtualaz.org