13 milyon 500 min üzvü olan Ədalət və İnkişaf Partiyası(AKP) kimi siyasi təşkilat nəinki Türkiyədə , dünyanın heç bir ölkəsində yoxdur.
YeniAvropa xəbər verir ki, bu fikirləri AKP-nin sədri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün partiyanın VII növbədənkənar qurultayına girmədən öncə, qar yağmasına baxmayaraq Ankaradakı İdman Kompleksinin önündə toplaşan tərəfdarları qarşısında çıxışı zamanı deyir.
Onun sözlərinə görə, AKP-nin təkcə gənclər qanadının 1 milyondan artıq üzvü vardır ki, bu da dünyada yeni bir rekorddur.
Xatırladaq ki, bugünkü qurultayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "2023-cü ilin manifesti" adlı geniş nitq söyləyəcək.
Bir saat yarım davam edəcəyi gözlənilən çıxışında onun əsasən martın 2-də açıqlanan İnsan Hüquqları üzrə Fəaliyyət Planına və iqtisadi islahatlara toxunacağı da gözlənilir.
AKP-dən verilən məlumata görə, qurultayda partiya fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul ediləcək. Belə ki, təşkilatın İdarə Heyəti üzvlərinin sayı 50-dən 75-ə çatdırılacaq. Ehtiyat üzvlərlə birlikdə 100 nəfərdən ibarət olacaq İdarə Heyətində keçmiş nazir və deputatlarla yanaşı, yeni şəxslərin təmsil olunacağı gözlənilir. İdarə Heyətində gənclərin və qadınların sayı da artırılacaq.
Qurultayda həmçinin, AKP-nin yeni Nizamnaməsi qəbul ediləcək. Eyni zamanda, partiyanın Mərkəzi Aparatında bəzi dəyişikliklərin aparılması, yeni strukturların yaradılması planlaşdırılır. Bu dəyişikliklərin, xüsusən də AKP rəhbərliyinə yeni şəxslərin gətirilməsinin əsas məqsədi partiyanı 2023-cü ildə keçiriləcək prezident və parlament seçkilərinə hazırlamaqdır.