İranın keçmiş müdafiə naziri Hüseyn Dehqan cari ilin iyununda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə H.Dehqan jurnalistlərə müsahibəsində deyib.
Bildirib ki, İranda hərbçinin prezident seçkilərində iştirak etməsi heç də təəccüb doğurmamalıdır. Hərbçilər dəmir intizama və böyük cəsarətə malik olduqları üçün dövləti də nizam-intizam və cəsarətlə idarə edə bilərlər. İranda bütün peşə sahibləri prezident seçkilərində iştirak etmək hüququna malikdirlər.
H.Dehqan 2013-2017-ci illərdə İranın müdafiə naziri vəzifəsində çalışıb. Sonra o, İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin təhlükəsizlik məsələləri üzrə müşaviri təyin olunub.
Xatırladaq ki, keçmiş hərbçilərin prezident seçkilərində iştirak etməsi İran cəmiyyətində və siyasi təşkilatlar arasında heç də birmənalı qarşılanmayıb. Yanvarda İran parlamentinə hərbçilərin prezident seçkilərində iştirakını qadağan edən qanun layihəsi təqdim olunsa da, uzun sürən müzakirələrdən sonra bu layihə qəbul edilməyib.