Dünyanın ən böyük maye qaz (LNG) istehsalçısı olan Qətər LNG tutumunun artırılması layihəsi çərçivəsində inşaat şirkətləri ilə müqavilə imzalayıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu layihə ilə LNG ixracının 43 faiz artacağı gözlənilir. Müqaviləni “Qatar Petroleum”, “Chiyoda Corp.” və “TechnipFMC” imzalayıblar.
Qətərin enerji naziri və “Qatar Petroleum”un baş icraçı direktoru Saad Əl-Kaabi iki şirkətlə təxminən 13 milyard dollar dəyərində müqavilə imzalandığını bildirib. O, LNG tutumunun artırıması layihəsinin dəyərinin isə 28,75 milyard dollar olacağını deyib.
Qeyd edək ki, Qətər hər il 77 milyon ton LNG ixrac edərək qlobal bazarda liderliyini qoruyur. Lakin digər bölgələrdə, xüsusilə də Avstraliyada baş verən inkişaflar Qətərin bu mövqeyini zəiflədə bilər.
Yeni layihə sayəsində Qətərin illik istehsalının 110 milyon tona çatdırılması hədəflənir.