Gürcüstandan Rusiyaya gedən Yuxarı Lars avtomobil yolu yenidən bağlanıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, yolun bağlanmasına güclü qar, çovğun, yolların buz bağlaması və qar uçqunu səbəb olub. Hazırda yolda qalan avtomobil sahiblərinə yardım göstərilir, qar altında qalan avtomobillər və sürücülər təhlükəsiz əraziyə aparılır.
Gürcüstan-Rusiya sərhəd-keçid məntəqəsində 1000-dək avtomobil dayanıb. Onların 600-dən çoxu yük maşınıdır. Magistralda qalan avtomobillərin böyük əksəriyyəti Ermənistana məxsusdur.
Qeyd edək ki, Yuxarı Lars yolu Gürcüstan ilə Rusiya arasında yeganə quru yoludur. Ermənistanla Rusiyanı bağlayan yeganə quru keçidi də məhz Gürcüstan ərazisindəki Yuxarı Lars yoludur.