logo

Avropada koronavirusa qarşı daha bir peyvəndin tətbiqinə icazə verildi

09:51 30-01-2021 | icon 2366
Avropada koronavirusa qarşı daha bir peyvəndin tətbiqinə icazə verildi

Avropa İttifaqı ölkələrində koronavirusa qarşı daha bir peyvəndin tətbiqi tövsiyə edilib.

 YeniAvropa xəbər verir ki, yanvarın 29-da Avropa Dərman Agentliyi (EMA) “AstraZeneca“ şirkətinin istehsalı olan peyvəndin tətbiqi üçün “yaşıl işıq“ yandırıb. Agentliyin Human Dərman Vasitələri Komissiyası peyvəndin yaşı 18-dən yuxarı əhali üçün şərti icazənin verilməsini tövsiyə edib. Mətbuatda bu peyvəndin yaş məhdudiyyətinin 65 yaşa qədər olacağına dair xəbərlər dolaşsa da, EMA belə bir məhdudiyyət nəzərdə tutmayıb.

Avropa Komissiyası peyvənd maddəsinin icazəsini rəsmiləşdirməlidir, lakin bu addım formal xarakter daşıyır və komissiyanın da müsbət qərar verəcəyi gözlənilir.

“AstraZeneca“ şirkətinin peyvəndi yanvar ayının əvvəlindən Böyük Britaniyada geniş tətbiq olunur və bu peyvəndin digərlərindən önəmli fərqi onun alış qiymətinin sərfəli olması və saxlanma üçün dərin donduruculara ehtiyac görülməməsidir.