İranda sərhədçilərlə polis əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat nəticəsində Sistan-Bəlucistan vilayətində 3 ton narkotik vasitə müsadirə olunub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə jurnalistlərə sərhəd xidmətinin nümayəndəsi general Əhməd Əli Güdərzi məlumat verib.
O bildirib ki, daxil olan operativ məlumata əsasən xüsusi əməliyyat hazırlanaraq həyata keçirilib. Əməliyyatın nəticəsində yük avtomobilində 3 ton narkotik vasitənin və 10 ədəd “Kalaşnikov” avtomatının qanunsuz yollarla İran ərazisinə keçirilməsinin qarşısı alınıb.
General deyib ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplar müasir silahları da almağa çalışırlar. Narkotik maddələrlə yanaşı, silah-sursatın da qanunsuz olaraq ölkəyə keçirilməsinin qarşısı qətiyyətlə alınır.