logo

Ötən il “Azercell”in LTE şəbəkəsi öllkə üzrə 85 %-dən çox genişlənib

19:10 25-01-2021 | icon 1953
Ötən il “Azercell”in LTE şəbəkəsi öllkə üzrə 85 %-dən çox genişlənib

“Azercell Telekom” 2020-ci il ərzində LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirib. Qeyd olunan dövrdə “Azercell”in LTE şəbəkəsinin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsi ölkənin hər yerində abunəçilərin daha keyfiyyətli xidmətlə təmin olunmasına şərait yaradıb. 

Görülən işlər nəticəsində ötən ildə “Azercell”in LTE şəbəkəsinin əhatə dairəsi 74,2 faizdən 85,1 faizə yüksəlib, şəbəkənin ərazi baxımdan coğrafi əhatəsi isə 61,4 faizdən 72,4 faizə qədər genişləndirilib. LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsinin başlandığı 2 il ərzində isə (2019-cu il yanvar 1-dən 2020-ci ilin sonunadək) “Azercell”in LTE şəbəkəsinin əhali əhatə dairəsi 35,9 faizdən 85,1 faizə, coğrafi dairəsi 22,5 faizdən 72,4 faizədək artıb.

LTE şəbəkəsinin genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ildə bu texnologiya üzərindən çalışan 784 yeni radio baza stansiyası quraşdırılıb. Bu stansiyaların müəyyən hissəsi 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə işə salınıb. Ümumilikdə LTE şəbəkəsinə aid radio baza stansiyalarının sayı 2679-a çatdırılıb. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilib. Qeyd etmək kifayətdir ki, keçən ilin təkcə sentyabr-dekabr aylarında 118 yeni LTE stansiya istifadəyə verilib.

Şəbəkənin təkmilləşdirilməsi sahəsində aktiv fəaliyyətinin nəticəsi olaraq ölkə ərazisində “Azercell”in təqdim etdiyi xidmətlərdə əhəmiyyətli irəliləyişlər olub. Görülən işlər “Azercell” şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikin həcminə də təsir edib. Son bir il ərzində bu göstərici 2,25 dəfə artıb. Hazırda şəbəkədə daşınan ümumi trafikin təxminən 69 faizi bu texnologiya üzərindən daşınır. Ümumilikdə 2020-ci il ərzində LTE şəbəkəsi üzrə səs trafikində 14 faiz, internet trafikində isə 60 faiz artım əldə olunub.

Bakı və Abşeronda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması tədbirləri Bakı Metropolitenində də aparılır. Layihə çərçivəsində artıq 13 metro stansiyasında və tunellərdə işlər yekunlaşıb. Metro stansiyalarda aktivləşdirilən LTE-Daşıyıcı Birləşdirmə sistemi bu şəbəkədən istifadə edən abunəçilərin daha yüksək sürətli mobil internet əldə etməsinə imkan verir.

Qeyd edək ki, bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürəti, informasiyanı yükləmə müddəti və videomaterialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə “Azercell” ölkənin digər mobil operatorlarından öndədir. Bunu Avropanın “Systemics” şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələri də təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan “Ericsson”un apardığı bençmarkinq araşdırmaları isə LTE şəbəkəsinin sürətinə görə “Azercell”in “Öz sinfində” (Best in class) ən yaxşı operatorlardan biri olduğunu göstərib. Şəbəkənin real zaman rejimində monitorinqinə imkan verən “Argela” sisteminin tətbiqi də “Azercell”in LTE şəbəkəsinin keyfiyyətinin yüksək səviyyədə olmasına imkan yaradır.

Hazırda “Azercell” şirkəti LTE şəbəkəsinin paytaxt və regionlar boyu daha da keyfiyyətli olması, internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində texniki tədbirləri davam etdirir. Lider mobil operator LTE üzərində çalışan baza stansiyalarının sayını da sürətlə artırır.