logo

Borca görə mandatını girov qoyan keçmiş deputat həbs olunacaq

20:31 17-01-2021 | icon 1785
Borca görə mandatını girov qoyan keçmiş deputat həbs olunacaq

Ayrı-ayrı vətəndaşlara 2,6 milyon manatdan artıq borcu olan keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib.

 YeniAvropa xəbər verir ki, yaxın günlərdə keçmiş deputatın dəmir barmaqlıqlar arasında oturacağı gözlənilir. Belə ki, Rafael Cəbrayılovun borclu olduğu vətəndaşlardan biri–Təranə Fətəliyeva bütün məhkəmə instansiyalarında deputata qalib gəlib. Artıq məhkəmə qərarının icrasına start verilib. Ötən il dekabrın 30-da Rafael Cəbrayılov icra şöbəsinə çağırılıb və ona yanvarın 10-na kimi vaxt verilib.

Lakin keçmiş deputat borcunu ödəməyib. Bu dəfə də Rafael Cəbrayılova möhlət verilib. Bildirilib ki, keçmiş deputat borcunu ödəməyəcəyi təqdirdə əvvəlcə barəsində inzibati qaydada tədbir görüləcək, növbəti dəfə isə məhkəmə qərarını icra etmədiyi üçün barəsində yeni cinayət işi başlanacaq.

Qeyd edək ki, keçmiş deputatın borclu olduğu digər şəxlər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Faktla bağlı cinayət işi başlanıb. Rafael Cəbrayılov borclarını qaytarmaq niyyətində olduğunu iddia etsə də, şikayətçilər onun səmimiyyətinə inanmırlar.

Rafael Cəbrayılovun toplam olaraq 1 milyon 550 min dollar borcu var. Onun borclu olduğu şəxslər aşağıdakılardır:

Təranə Fətəliyeva – 300 000 dollar 
Məlahət Qurbanova - 580 000 dollar 
Xatirə Nəcəfova - 200 000 dollar 
Yusif Orucov - 200 000 dollar
Aynur Kazımova - 100 000 dollar 
Şəfa Məmmədova - 80 000 dollar, 
Bəşir Məmmədov - 60 000 dollar 
Allahverdi Səfərəliyev - 30 000 dollar.

Xatırladaq ki, Rafael Cəbrayılov borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə borclu olduğu şəxslər məsələni ictimailəşdiriblər. Məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.