logo

ABŞ-da koronavirusa qarşı kütləvi vaksinasiya başlayıb

19:09 14-12-2020 | icon 2632
ABŞ-da koronavirusa qarşı kütləvi vaksinasiya başlayıb

Dekabrın 14-də ABŞ-da koronavirus əleyhinə kütləvi vaksinasiya kampaniyası başlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, həkimlər vaksinasiyada ABŞ-ın Qida Məhsullarının və Tibbi Preparatların Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsinin təsdiq etdiyi “Pfizer” və “BioNTech” kompaniyalarının birgə hazırladıqları peyvənddən istifadə edirlər. Klinik sınaqlar xaricində ilk vaksinasiya edilən şəxs Nyu-York ştatının tibb işçisi olub.

ABŞ-da preparatın paylanmasına məsul olan general Qustav Perna bütün ölkə ərazisində xüsusi avadanlıqlarla təchiz olunmuş mərkəzlərə 3 milyon vaksin dozası çatdırılacağını bildirib. Bu ərəfədə “Pfizer” kompaniyasının Miçiqan ştatının Kalamazu şəhərində yerləşən istehsalat obyektindən ölkənin müxtəlif bölgələrinə vaksinlə dolu yük maşınları göndərilib.

Prezident Donald Tramp “Twitter” sosial şəbəkəsində yerləşdirilən videomüraciətində ABŞ-da klinik sınaqlardan kənar ilk vaksinasiyanın yaxın zamanlarda baş tutacağını bildirmişdi. Onun sözlərinə görə, hər bir ştatda, ilk növbədə, kimin vaksinasiya olunacağı barədə qərarı qubernatorlar verəcək.

ABŞ Böyük Britaniya və Kanadadan sonra “Pfizer” və “BioNTech” kompaniyalarının birgə hazırladıqları preparatın kütləvi vaksinasiyasına icazə verən üçüncü ölkə olub. Həmin peyvəndin klinik sınaqların üçüncü – final mərhələsində 95 faizlik effektivlik göstərdiyi bildirilir.

“Pfizer” ilk etapda ABŞ-a 6.4 milyon vaksin dozası çatdıracaq. Peyvənd 21 gün ara ilə vurulacaq iki dozadan ibarətdir.

Qeyd edək ki, ABŞ-da ötən sutka koronavirusa 188 minə yaxın yoluxma halı aşkarlanıb, 1379 nəfər vəfat edib. İndiyə qədər ölkədə yoluxanların sayı 16 milyon 737 min 267 nəfərə, ölənlərin sayı isə 306 min 459 nəfərə çatıb. Birləşmiş Ştatlar COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayına görə dünyada ilk yerdə qərarlaşıb.

Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.