logo

Çin Aydan nümunələr gətirəcək kosmik aparatını orbitə çıxarıb

09:49 24-11-2020 | icon 2296
Çin Aydan nümunələr gətirəcək kosmik aparatını orbitə çıxarıb

Çin Aydan nümunələr toplamaq və onları Yerə gətirmək üçün hazırladığı ilk kosmik aparatı olan “Çanye-5”i (Chang'e-5) orbitə çıxarıb.

 YeniAvropa xəbər verir ki, kosmik aparatı orbitə aparan “Böyük yürüş-5” (Long March-5) raketdaşıyıcısının buraxılışı noyabrın 24-də yerli vaxtla səhər saat 4:30-da (Bakı vaxtı ilə 00:30) Haynan adasındakı Vençan buraxılış mərkəzində baş tutub. Bildirilir ki, raket normal uçuş həyata keçirib və “Çanye-5” təyin olunan orbitə daxil olub.

Bu, Çinin Aydan nümunələr gətirmək üçün başladığı ilk missiyadır. Çinin kosmos tarixində vacib hadisələrdən olan bu hadisə, həm də dünyada son 40 ildə Aydan nümunələr gətirmək üçün göndərilən ilk missiyadır. “Çanye-5” kosmik aparatının ağırlığı 8,2 tondur və orbitdə qalmağı, Ayın səthinə enib-qalxmağı, uçuşu və Yerə qayıtmağı təmin edəcək dörd moduldan ibarətdir. Ayın orbitinə daxil olandan sonra enmə-qalxma modulu “Çanye-5”dən ayrılaraq Ayın səthinə enəcək. Bu hadisənin dekabrın əvvəlində olması gözlənilir. Modulun enəcəyi yerin geoloji yaşı ABŞ-ın və keçmiş SSRİ-nin 40 il əvvəl nümunələr götürdüyü yerdən daha gəncdir. Xüsusi robot Ayın səthindəki qayanı dəlib nümunələr götürdükdən sonra modul orbitə qalxacaq, Yerə qayıdan kosmik aparatla birləşəcək, topladığı nümunələri ona ötürdükdən sonra ayrılacaq. Yer və Ay arasında geometrik uyğunluq olanda kosmik aparat Yerə qayıdacaq.

Ayın daha dəqiq öyrənilməsi məqsədi daşıyan missiyanın təxminən 20 günə başa çatması planlaşdırılıb. Çin “Çanye-5” kosmik aparatının kosmosa göndərilməsini iki dəfə təxirə salıb. Yerin təbii peykinin səthinə enərək oradan nümunələr götürüb planetimizə qayıtmalı olan zondun ilk buraxılışı 2017-ci ilin noyabrına, sonrakı isə 2019-cu ilin eyni ayına planlaşdırılsa da, baş tutmamışdı. Çinli mütəxəssislər missiyanın təxirə salınması onun etibarlılıq dərəcəsinin artırılması ilə bağlı olduğunu açıqlamışdı. Bəlkə də Çin mütəxəssislərinin bu dərəcədə ehtiyatlı hərəkət etməsi ölkənin ən böyük raketdaşıyıcısı olan “Böyük yürüş-5”in 2 uğursuz startı ilə də əlaqədar olub. “Çanye-5” missiyasını orbitə çıxaran iri “Böyük yürüş-5” raketdaşıyıcısı 25 ton yükü Yer orbitinə, 14 ton yükü geostasionar orbitə, 8 ton yükü isə Yer-Ay keçid orbitinə aparmaq gücünə malikdir. Bu seriyadan olan raketdaşıyıcısı Çinin ilk Mars zondunu da orbitə çıxarıb. Bundan başqa, raketin modifikasiya edilmiş versiyası Çinin kosmik stansiyasının qurulmasında istifadə olunacaq.

Qeyd edək ki, ötən ilin yanvarında Çinin “Çanye-4” missiyası Yerin təbii peykinin görünməyən tərəfinə dünya tarixində ilk yumşaq eniş edib. O, tarixdə ilk dəfə Ayın görünməyən tərəfinin yaxın məsafədən bir neçə fotosunu çəkərək Yerə göndərib.