Gürcüstan hakimiyyəti danışıqlara hər zaman açıqdır. Hökumət parlament seçkilərinin nəticələrini tanımayan müxalifətlə də danışıqlara hazırdır.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri Giorgi Qaxariya “İmedi” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Gürcüstanda seçicilər 9 partiyaya mandat verib. Onlar hakim partiyanın qarşısında da bir sıra vəzifələr qoyublar. Seçicilər hakimiyyətdən ölkəni böhrandan çıxarmaq üçün danışıqlara başlamaq kimi vəzifə qoyub.
“Hakim qüvvənin məsuliyyəti də ondan ibarətdir ki, müxalifətlə birgə ölkənin qayğısına qalsın və böhrandan çıxarsın”, - deyə G.Qaxariya vurğulayıb.
Hökumət başçısı seçkilərdə nöqsanların olduğunu da istisna etməyib. Bildirib ki, nöqsanlar lazımi qaydada araşdırılmalı və müvafiq hüquqi qiymətlər verilməlidir.
Qeyd edək ki, oktyabrın 31-də Gürcüstanda keçirilən parlament seçkilərində deputat mandatları qazanan 8 müxalifət partiyası qanunverici orqanda təmsilçilikdən imtina edib. Müxalifət liderləri və tərəfdarları səsvermənin nəticələrinə etiraz olaraq artıq bir neçə gündür ki, ardıcıl olaraq aksiyalar keçirirlər.