logo

Dünyada koronavirusdan ölənlərin sayı 1 milyon nəfərə yaxınlaşır

11:10 13-09-2020 | icon 2583
Dünyada koronavirusdan ölənlərin sayı 1 milyon nəfərə yaxınlaşır

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 29 milyon nəfərə çatır.

 YeniAvropa pandemiyanın statistikasını aparan “Worldometer” saytına istinadla xəbər verir ki, sentyabrın 12-nə olan son məlumata görə, dünyada koronavirusa yoluxanların sayı artaraq 28 940 223 nəfərə çatıb.

Pandemiya dövründə təhlükəli infeksiyanın aşkarlandığı ölkələrdə COVID-19-dan ölənlərin sayı isə 924 569 nəfərə yüksəlib.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə təhlükəli infeksiya daşıyıcılarının sayı 6 676 601 nəfərə çatıb. Eyni zamanda virusdan ölənlərin sayı da artaraq 198 128 nəfər təşkil edir.

Virusa ən çox yoluxma hallarının yer aldığı siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiyanın bu ölkəsi yoluxma hallarının sayına görə Braziliyanı qabaqlayıb. Hazırda COVID-19-a yoluxma hallarının sayı çoxalaraq 4 751 788-ə yüksəlib. Hindistanda təhlükəli virusdan ölənlərin də sayı durmadan artır. Bu ölkədə ümumilikdə 78 614 nəfər pandemiyanın qurbanı olub.              

Braziliyada virusa yoluxma hallarının sayının 4 315 858-ə çatması Cənubi Ameikanın bu ölkəsində infeksiya təhlükəsinin artdığını göstərir. Bu ölkədə infeksiyadan ölənlərin sayı artıq 131 274 nəfər təşkil edir.

Koronavirus peyvəndini hazırladığını açıqlayan Rusiyada 1 057 362 yoluxma halının aşkarlanması bu ölkənin virusdan nahaq yerə əndişələnmədiyini göstərir. Üstəlik, 18 484 insanın pandemiyanın qurbanı olması da vəziyyətin ürəkaçan olmadığını əks etdirir.

İnfeksiyaya yoluxma baxımından təhlükəli ölkələrdən birinə çevrilmiş Peru isə 722 832 nəfərdə təhlükəli virusun aşkarlandığını bildirib. Bu ölkənin həkimləri 30 593 nəfəri virusun pəncəsindən xilas edə bilməyiblər.

Kolumbiya da 708 964 yoluxma halı ilə COVID-19-un əbəs yerə pandemiya adlandırılmadığını nümayiş etdirir. Bu ölkədə virusdan ölənlərin sayı gündən-günə artaraq, 22 734 nəfərə yüksəlib.

Gün ərzində minlərlə (son sutkada virusa daha 5 673 yoluxma aşkarlanıb-red) koronavirus xəstəsinin aşkarlandığı Meksikada artıq 663 973 nəfər xəstə kimi qeydiyyata alınıb. Ötən gün ərzində daha 421 nəfərin öldüyü bu ölkədə pandemiya qurbanlarının ümumi sayı 70 604 nəfərə çatıb.

Koronavirus infeksiyasına yoluxma halları Cənubi Afrikada (648 214), İspaniyada (596 697), Argentinada (546 481), Çilidə (432 666), İranda (399 940), eləcə də, Fransada, Ukraynada, Banqladeşdə, Səudiyyə Ərəbistanında, Pakistanda, Türkiyədə və digər ölkələrdə kütləviliyi ilə seçilir. Təbii ki, bu və digər ölkələrdə COVID-19-a yoluxma hallarının sayı artdığı kimi, virusdan ölənlərin də sayı artaraq pandemiyanın hələ də dünya üçün təhlükə kəsb etdiyini göstərir.                        

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Bu ölkənin rəsmi orqanlarının açıqladığı rəqəmlərə görə, son sutkada COVID-19-a 80 yeni yoluxma aşkarlanıb. Ötən ilin dekabrından Çində 4 634 nəfər virusun qurbanı olub, 85 184 yoluxma qeydə alınıb.

Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-u pandemiya elan edib.