Gürcüstanın “Güc birlikdədir” müxalif birliyi sabiq prezident Mixail Saakaşvilini ölkənin baş naziri vəzifəsinə rəsmən namizəd irəli sürüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə təşkilatda təmsil olunan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Qriqol Vaşadze keçirdiyi brifinqdə bildirib.
Onun sözlərin görə, M.Saakaşvili Gürcüstana qayıtmalı və xalqla görüşməlidir: “Məhz buna görə həm VMHP, həm də “Güc birlikdədir” birliyində təmsil olunan bütün digər partiyalar da onun Gürcüstanın baş nazirliyinə namizəd irəli sürülməsi barədə qərar qəbul edib”.
Müxalifətçi qeyd edib ki, keçmiş dövlət başçısı Gürcüstana qayıdış planı barədə bu gün ətraflı məlumat təqdim edəcək.
Xatırladaq ki, oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. Parlament seçkiləri yeni sistem üzrə keçiriləcək. Deputat mandatı uğrunda 30 deputat majoritar, 120 deputat isə proporsional sistem üzrə mübarizə aparacaq.
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası bəyan edib ki, hakimiyyət seçkilərin azad, ədalətli və sakit mühitdə keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək.
Qeyd edək ki, sentyabrın 1-dən Gürcüstanda parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına rəsmən start verilib. Kampaniya 60 gün davam edəcək.
Parlament seçkilərinin nəticəsindən aslı olaraq ölkənin yeni hökuməti formalaşdırılacaq.