Belarusun paytaxtı Minskdə müxalifətçilərin növbəti etiraz aksiyası keçirilir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, günorta saatlarından etibarən artıq bir neçə metro stansiyası bağlanıb, qatarlar stansiyalarda dayanmadan keçiblər. Belə ki, “Ploşad Lenina”, “Oktyabrskaya”, “Kupalovskaya”, “Ploşad Pobedı”, “Ploşad Yakuba Kolasa” stansiyaları sərnişin qəbulunu dayandırıb.
Digər məlumata görə, bir neçə min etirazçı Qaliblər prospekti boyunca hərəkət edərək prezident Aleksandr Lukaşenkonun iqamətgahının yerləşdiyi İstiqlal sarayına doğru irəliləyirlər. Polis onlara aksiyanın qanunsuz olması haqda xəbərdarlıq edərək İstiqlal sarayından uzaqlaşmalarını xahiş edib. Hələlik aksiyaçılardan saxlanılan yoxdur.
Bununla belə, prezidentin iqamətgahının qarşısında təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən baryerlər qurulub.
Artıq Minskdə internetlə bağlı da problem yaranmağa başlayıb. Bəzi yerlərdə internet ümumiyyətlə yoxdur, bəzi yerlərdə isə zəif sürətlə işləyir.
Xatırladaq ki, Belarusda ertiraz aksiyaları avqustun 9-da prezident seçkilərindən sonra başlayıb. Mərkəzi Seçki Komissiyasının 80,1% səslə Aleksandr Lukaşenkonu qalib elan etməsindən sonra müxalifət buna etiraz edib. Onlar seçkilərdə Svetlana Tixanovskayanın qalib gəldiyini iddia edirlər.