Dünyanın ən varlı insanı, “Amazon” kompaniyasının rəhbəri Ceff Bezos varidatı 200 milyard dolları keçən ilk milyarder kimi tarixə düşüb.
YeniAvropa xəbər verir ki, bu barədə “Forbes” jurnalının tərtib etdiyi və real vaxtda milyarderlərin varidatını izləyən “Forbes Real-Time” reytinqində bildirilir. Qeyd edilir ki, Ceff Bezos bu göstəricidə möhkəmlənə bilməyib və hazırda onun varidatı 199,7 milyard dollar təşkil edir.
Lakin hətta bu qiymətləndirmə belə onun üçün yeni rekorddur – iyul ayının əvvəlindən indiyədək “Amazon” kompaniyasının sahibinin varidatı daim artır.
Nəşrin yazdığına görə, Ceff Bezos bu göstəriciyə “Amazon” aksiyalarının bahalaşması nəticəsində nail olub. Avqustun 25-nə olan məlumata əsasən, kompaniyanın aksiyası 1,18 faiz bahalaşaraq 3346,49 dollara, kapitallaşması isə 1,68 trilyon dollara çatıb.
Xatırladq ki, “Amazon” aksiyalarının 11,1 faizi Ceff Bezosa məxsusdur və o, 2017-ci ildən “Forbes” jurnalının dünyanın ən varlı insanları reytinqinə başçılıq edir.
Qeyd edək ki, dünyanın ən iri online-reiteylerlərindən biri olan “Amazon” kompaniyası ABŞ-la yanaşı Çin, Braziliya, Yaponiya, həmçinin Avropa ölkələrində fəaliyyət göstərir. “Amazon.com” internet mağazası isə 1995-ci ilin iyul ayından fəaliyyətə başlayıb.