logo

Azərbaycanlı ailənin 4 üzvünün ölümünə səbəb olan sürücü saxlanıldı

23:13 16-08-2020 | icon 3122
Azərbaycanlı ailənin 4 üzvünün ölümünə səbəb olan sürücü saxlanıldı

Gürcüstanda Kvemo Poniçala (Soğanlıq) qəsəbəsində ağır yol qəzası törədərək azərbaycanlı ailənin 4 üzvünün ölümünə səbəb olan sürücü saxlanılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, avqustun 15-də axşam Poniçalada baş verən yol qəzasında təqsirləndirilən qadın sürücü, 1995-ci il təvəllüdlü P.G. saxlanılıb.

İstintaqla müəyyən olunub ki, sözügedən xanım idarə etməni itirərək əvvəlcə yol kənarındakı dirəyə çırpılıb, daha sonra isə yolu piyada keçən ailənin 7 nəfər üzvünü vurub. Sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı iki və ya daha çox insanın ölümünə səbəb olma maddəsi ilə Gürcüstan Cinayət Məcəlləsinin 128-ci və 276-cı maddəsinin 8-ci hissəsi üzrə istintaq başladılıb.

Saxlanılan qadın sürücünü 6 ildən 10 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, avqustun 15-də baş vermiş qəza nəticəsində 25 yaşlı qadın və onun 4 yaşlı uşağı hadisə yerində dünyasını dəyişib. Xəsarət alan 4 nəfər xəstəxanaya çatdırılsa da, onlardan da ikisinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri 7 yaşlı uşaq olub.

Azərbaycanlı ailə toy mərasimindən evə dönərkən qəzaya düşüb.