logo

Azərbaycandan Gürcüstana keçmək istəyən 14 nəfər saxlanılıb

11:06 11-08-2020 | icon 1834
Azərbaycandan Gürcüstana keçmək istəyən 14 nəfər saxlanılıb

Avqustun 10-da saat 03:05 radələrində “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində naməlum şəxslərin hərəkəti sərhəd naryadı tərəfindən aşkarlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib. 

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan!” əmri verilib. Nəticədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılmış şəxslərin Ağstafa rayon sakinləri olmaları müəyyən edilib. Onlardan 7-si azyaşlı olması nəzərə alınaraq Ağstafa rayon İcra Hakimiyyətinin başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya təhvil verilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.