Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri nəticəsində gündəlik yoluxma və ölüm hallarında azalma tempi saxlanılmaqdadır. Ən son məlumata görə, gündəlik ölüm sayı təxminən beş dəfə enib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mayın 21-də ölkədə 33 min 633 nəfər testdən keçirilib. Onlardan 961-i xəstə çıxıb. Gün ərzində 1003 nəfər sağalıb, 27 nəfər dünyasını dəyişib. Beləliklə, sağalanlar 114 min 990, ölənlərin sayı isə 4 min 249 nəfərə çatıb. Bu vaxtadək 1 milyon 729 min 988 nəfər testdən keçirilib. Hazırda 820 nəfər reanimasiyada, 424 xəstə süni nəfəs aparatına qoşulmuş vəziyyətdədir.
Qeyd edək ki, Türkiyə hökuməti koronavirusla mübarizənin növbəti mərhələsi üçün proqramın icrasına başlanılıb. Ramazan bayramı ilə əlaqədar mayın 23-də Türkiyə vaxtı ilə saat 00.00-dan etibarən növbəti dəfə dördgünlük komendant saatı tətbiq olunacaq. Sosial həyatın normallaşması nəzarət altında həyata keçirilir.