Finlandiyanın baş naziri Sanna Marin mayın 14-də ölkədə məktəblərin açılacağını bəyan edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, hökumət başçısı məktəbə yalnız doqquzuncu sinifədək olan şagirdlərin qayıdacağını qeyd edib. Daha yuxarı sinif şagirdləri isə, yenə əvvəlki kimi təhsillərini distant formada davam etdirəcəklər.
Xatırladaq ki, ölkədə COVID-19 pandemiyanın yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində Finlandiyada məktəblər martın 18-də bağlanıb.
Sanna Marin, həmçinin qeyd edib ki, COVID-19 ilə bağlı məhdudiyyətlərin yaratdığı ümumi vəziyyəti hökumət bazar günü müzakirə edəcək.
Baş nazirin məktəblərdə dərslərin bərpa edilməsinə dair təqdim etdiyi layihə Təhsil İşçilərinin Milli Həmkarlar İttifaqı tərəfindən tənqidə məruz qalıb. Onlar bu addımın müəllimlərin sağlamlığı üçün təhlükə yarada biləcəyini vurğulayırlar. Hökumət isə analoji məhdudiyyətlərin artıq Avropanın digər ölkələrində də ləğv edildiyini xatırladır.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə tətbiq olunmuş bir sıra məhdudiyyətləri Finlandiya hökuməti bundan əvvəl ləğv etmişdi.