logo

Çin İtaliyaya üçüncü tibbi heyətini göndərib

21:55 25-03-2020 | icon 2905
Çin İtaliyaya üçüncü tibbi heyətini göndərib

Çindən üçüncü tibbi heyət İtaliyada yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üçün Milana yola düşüb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, 14 nəfərlik heyət çarter reysi ilə Milana yola salınıb. Heyətin tərkibinə COVID-19 xəstələrinin müalicəsində iştirak etmiş həkimlər, o cümlədən epidemioloq və pulmonoloq, habelə ənənəvi Çin təbabəti üzrə mütəxəssislər daxildirlər. Çinli həkimlər infeksiyanın yayılmasına qarşı qabaqlayıcı təbirlərə və epidemiyanın nəzarət altına alınmasına, xəstələrin müalicəsinə dair təcrübələrini İtaliyanın Toskana bölgəsindəki həmkarları ilə bölüşəcəklər. Bundan başqa, heyət İtaliyada yaşayan Çin vətəndaşlarının, o cümlədən tələbələrin vəziyyəti ilə maraqlanacaq, onlara lazımi tibbi vasitələr verəcək.

İtaliyaya tibbi heyətlə birlikdə Fucien vilayətindən ianə kimi 8 ton tibbi ləvazimat, o cümlədən 3 min qoruyucu geyim, 300 min tibbi maska, 20 min ədəd N95 tipli maska göndərilib.

Qeyd edək ki, Çin bundan əvvəl İtaliyaya 2 tibbi heyət və 20 tondan çox tibbi ləvazimat göndərib. İtaliya COVID-19 pandemiyasından ən çox əziyyət çəkən ölkələrdən biridir. Bu ölkədə indiyədək 74 min 386 nəfər virusa yoluxub, 7503 nəfər bu xəstəlikdən ölüb. İtaliya ölüm hallarının sayına görə dünyada birinci, yoluxanların sayına görə isə ikincidir. Çin yeni növ koronavirusun aşkarlandığı və ən çox yayıldığı ölkə olsa da, buradakı xəstələrin çoxu sağalaraq xəstəxananı tərk edib. Çin ekspertləri COVID-19 xəstələrinin müalicəsində xeyli təcrübə toplayıblar.