Martın 26-da keçiriləcək "Böyük iyirmilər" (G20) dövlətləri qrupunun videokonfransında Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin də iştirak edəcək.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ÇXR-in Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizin sədrlik edəcəyi videokonfransda yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı səylərin əlaqələndirilməsinin gücləndirilməsi, onun iqtisadi nəticələri müzakirə olunacaq. Videokonfransa "G20" dövlətlərindən başqa, İspaniya, İordaniya, Sinqapur, İsveç daxil olmaqla, bir neçə digər dövlətin rəhbər şəxsləri, habelə BMT, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Səhiyyə Təşkilatı, Dünya Ticarət Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərləri də qoşulacaqlar.
"G20" ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin həftə ərzində keçirilmiş videokonfranslarında pandemiyaya qarşı fəaliyyət planının hazırlanması barədə razılıq əldə olunub.
Liderlərin videokonfransı Səudiyyə Ərəbistanı və Rusiya arasında neftin qiymətinə dair qarşıdurmanın olduğu, habelə Çin və ABŞ arasında dünyada təxminən 422 min nəfərin yoluxduğu və 18 min 900 nəfərin öldüyü virusun mənşəyi ilə bağlı gərginliyin yaşandığı vaxta təsadüf edir.
Qeyd edək ki, G20 ölkələri dünya ümumi daxili məhsulunun 80 faizdən çoxuna malikdir.