logo

İran vurulan təyyarənin "qara qutu"sunu Ukraynaya verəcək

14:30 17-01-2020 | icon 2506
İran vurulan təyyarənin "qara qutu"sunu Ukraynaya verəcək

İranın paytaxtı Tehran yaxınlığında səhvən vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” təyyarəsinin "qara qutu"sunu Ukraynaya təhvil verməyə hazırdır.

YeniAvropa xəbər verir  ki, bunu Ukraynanın xarici işlər naziri Vadim Pristayko Ali Radada çıxışı zamanı söyləyib.

Nazir bildirib ki, İranın təyyarə qəzası ilə əlaqədar yaradılan xüsusi qrupu ilkin araşdırmanı başa çatdırandan sonra qara qutunu təqdim edəcək. İran tərəfi əmin edib ki, İran, Kanada, Ukrayna birgə istintaq qrupu qara qutuya giriş əldə edəcək. Bundan sonra İran tərəfi qara qutunu ayrıca Ukraynaya təhvil verməyə hazırdır.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub.

İran tərəfi Ukraynaya məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib. Prezident Həsən Ruhani baş verənləri “böyük faciə və bağışlanmaz səhv” adlandırıb.

Ukraynanın hüquq-mühafizə orqanları qara qutunun verilməsi üçün İranın müvafiq qurumlarına müraciət edib.