logo

İran ABŞ-ı beynəlxalq terrorçuluqda təqsirləndirdi

09:53 03-01-2020 | icon 2821
İran ABŞ-ı beynəlxalq terrorçuluqda təqsirləndirdi

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Əl-Qüds” dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsini beynəlxalq terror aktı adlandırıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Zərif özünün "Twitter" səhifəsindəki açıqlamasında, həmçinin iranlı generalın qətlə yetirilməsinin bütün nəticələrinə görə məsuliyyətin ABŞ-ın üzərinə düşəcəyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Pentaqon Bağdad beynəlxalq aeroportu rayonuna iranlı general Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən raket zərbəsi endirdiyini təsdiqləyib. Amerika Müdafiə Nazirliyinin mətbuat mərkəzi isə öz növbəsində, məlumat verib ki, əməliyyat ABŞ prezidenti Donald Trampın göstərişinə əsasən həyata keçirilib.

İranlı generalın öldürülməsindən sonra ABŞ Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Xatırladaq ki, “Əl-Qüds” dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani yanvarın 2-də axşam Bağdad aeroportu rayonuna endirilən raket zərbəsi nəticəsində həlak olub. Onunla birlikdə İraqın “Əl-Xaşd əş-Şaabi” şiə könüllülərinin bir sıra liderləri də öldürülüb, 12 hərbçi yaralanıb.