logo

FIFA Blatter və Platini barəsində iddia qaldırıb

18:15 16-12-2019 | icon 2772
FIFA Blatter və Platini barəsində iddia qaldırıb

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) bu təşkilatın keçmiş prezidenti Yozef Blatterə və Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) sabiq rəhbəri Mişel Platiniyə qarşı İsveçrə məhkəmələrinə iddialar təqdim edib. FIFA-nın mətbuat xidmətinin verdiyi məlumata görə, onlardan 2 milyon İsveçrə frankı (1,8 milyon avro) tutulması tələb edilir.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, 2015-ci ilin sonunda o vaxt həm də FIFA-nın vitse-prezidenti vəzifəsini tutan Platini və Blatter FIFA-nın etika komitəsi tərəfindən futbol fəaliyyətindən kənarlaşdırılıblar.

Onların futbol fəaliyyətindən kənarlaşdırılmasına səbəb bu idi ki, 1998-2015-ci illərdə FIFA-ya rəhbərlik etmiş Blatter 2011-ci ildə FIFA-nın 2 milyon İsveçrə frankı məbləğində vəsaitini qanunsuz olaraq Platininin hesablarına köçürmüşdü.

Dekabrın 11-də FIFA-nın idarəetmə komitəsi təşkilatın rəhbərliyinə məktubla müraciət edib. Məktubda vurğulanır ki, FIFA Blatter tərəfindən qanunsuz olaraq ödənilmiş 2 milyon İsveçrə frankını geri qaytarmalıdır. FIFA-nın bəyanatında deyilir: “İddiaçı məhkəmədə qalib gələcəyi halda FIFA həmin məbləği hesablanmış faizlərlə birlikdə futbolun inkişafına yönəldəcək”.

FIFA tarixində ən böyük qalmaqal 2015-ci il mayın axırlarında başlanıb. O vaxt təşkilatın prezidenti vəzifəsinə seçkilərdən iki gün əvvəl Amerika məhkəməsinin sorğusu əsasında İsveçrə polisi Sürixdəki oteldə təşkilatın 9 nəfər yüksəkvəzifəli məmurunu korrupsiyada şübhə əsasında saxlamışdı. O vaxt 14 nəfər sabiq və fəaliyyətdə olan futbol məmuruna qarşı ittihamlar təqdim edilib.

Blatter və Platini FIFA-nın etika komitəsinin arbitraj palatası tərəfindən 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırıb. 2016-cı ilin fevral ayında FIFA-nın apelyasiya komitəsi bu müddəti azaldaraq 6 ilə endirib. Sonradan məmurlar İdman Arbitraj Məhkəməsinə (CAS) apelyasiya şikayəti ilə müraciət ediblər. Arbitraj Məhkəməsi Platininin diskvalifikasiya müddətini azaldaraq 4 ilə endirib, Blatterin apelyasiya şikayəti isə təmin edilməyib. Platininin diskvalifikasiya müddəti bu il oktyabr ayında başa çatıb.