“Gürcüstanda proporsional seçki sistemi ölkə konstitusiyasında da təsbit olunduğu kimi 2024-cü ildə tətbiq olunacaq.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri Giorgi Qaxaria hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının qərargahında jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, proporsional seçki sistemi ölkədəki siyasi mədəniyyəti keyfiyyətcə dəyişir.
G.Qaxaria deyib: “Proporsional seçki sistemi bizim demokratik baxışlarımıza görə, irəliyə doğru atılan addımdır. Hesab edirəm ki, proporsional seçki sistemi siyasi mədəniyyəti keyfiyyətcə dəyişir və biz bu barədə qərar qəbul etmişik. Biz bu sistemi 2020-ci ildə qəbul edəcəyimizi desək də konstitusiyamızda bu sistemin tətbiqi 2024-cü ildə nəzərdə tutulub”.
Xatırladaq ki,proporsional seçki sisteminin 2020-ci ildə keçiriləcək parlament seçkilərində tətbiqi ilə bağlı konstitusiyaya təklif olunan dəyişikliklər qanunverici orqan tərəfindən qəbul edilməyib. Müxalifət buna etiraz olaraq noyabrın 14-dən yenidən aksiyalara başlayıb.