logo

Elmar Məmmədyarov  BMT-nin Ali nümayəndəsi ilə görüşüb.

20:59 14-11-2019 | icon 2170
Elmar Məmmədyarov  BMT-nin Ali nümayəndəsi ilə görüşüb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dünya dini liderlərinin II Sammitində iştirak etmək üçün Bakıda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb.

YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə Migel Anxel Moratinos əvvəlcə “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley medalı ilə təltif olunması münasibətilə təşəkkürünü bildirib. O, Dünya dini liderlərinin II Sammitinin uğurlu təşkilinə görə Azərbaycan hökumətini təbrik edib.

Ali nümayəndə Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Təmsil etdiyi qurumun terrorizmə qarşı mübarizə və cəmiyyətlərin bu kimi təhdidlərdən qorunması sahəsində fəaliyyətinin gücləndirilməsini qeyd edən M.A.Moratinos, bu istiqamətdə Azərbaycan təcrübəsinin vacib olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Sivilizasiyalar Alyansı arasındakı əməkdaşlıq əlaqələrinin cari vəziyyətini yüksək qiymətləndirib və Alyansın müasir dövrün təhdidləri ilə mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayaraq Azərbaycanın bu xüsusda qurumla əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.