Böyük Britaniya kraliçası II Elizabet Birləşmiş Krallıqda dekabrın 12-də növbədənkənar seçkilərin keçirilməsi haqqında qanunu imzalayıb.
YeniAvropa Britaniya mətbuatına istinadla xəbər verir ki, beləliklə, parlamentin hər iki palatasında qəbul edilmiş həmin qanun layihəsi qüvvəyə minib.
Kraliçanın sənədi imzalamasından sonra noyabrın 6-da qanunverici orqanın aşağı palatası – İcmalar Palatası buraxılacaq. Bundan sonra siyasi partiyalar 25 gün ərzində seçki kampaniyası aparacaqlar.
Qeyd olunur ki, Böyük Britaniyanın baş naziri Boris Conson növbədənkənar seçkilər vasitəsilə Brexit üzrə Avropa İttifaqı ilə sazişin gələcək parlamentdə təsdiqinə nail olmaq fikrindədir. Hakim Mühafizəkarlar Partiyası İcmalar Palatasında səs çoxluğundan məhrum olub və oktyabrın 17-də Aİ ilə razılaşdırılmış sazişi parlamentdən keçirmək imkanını itirib.
“Financial Times” nəşrinin keçirdiyi ictimai rəy sorğusuna görə, seçkilər ərəfəsində hakim partiyanın mövqeyi daha güclüdür. Mühafizəkarlar seçicilərin 35 faizinin dəstəyinə malikdirlər. Leyboristlər isə 25 faizlə ikinci yerdədirlər. Brexit adlı parlamentdə təmsil olunmayan yeni partiya isə cəmi 11 faiz səs toplaya bilər.