logo

Putin Belarusa işgüzar səfər edib

14:27 30-06-2019 | icon 5964
Putin Belarusa işgüzar səfər edib

Rusiya prezidenti Vladimir Putin Belarusa işgüzar səfərə gəlib. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, səfərdə məqsəd Minskdə bu gün başa çatacaq II Avropa Oyunlarının bağlanış mərasimində iştirak etməkdir. 

Qeyd edək ki,iyunun 21-dən 30-dək davam edən II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı mübarizə aparıb. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda yarışıblar. 

 Rusiya yığma komandası 39 qızıl, 19 gümüş və 35 bürünc medalla “Minsk-2019”un vaxtından əvvəl qalibi olub.

Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. Azərbaycan bu mötəbər idman yarışının təşkili üçün qalan 30 aylıq qısa müddətdə hazırlıq prosesini yüksək səviyyədə başa vuraraq Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. “Bakı 2015”də uğurla çıxış edən Azərbaycan millisi komanda hesabında ikinci yerdə qərarlaşıb. İdmançılarımız Oyunlarda 56, o cümlədən 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya millisi tutub. II Avropa Oyunlarına ev sahibliyi edən Belarus millisi isə “Bakı 2015”də 43 medalla (10-11-22) yeddinci olub.