Ekrem İmamoğlu İstanbulun bələdiyyə sədri vəsiqəsini təhvil alıb və milyonlarla insana səslənib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, E.İmamoğlu seçiciləri qarşısında çıxışında deyib: “Artıq zaman itirmək vaxtımız bitdi. Heç bir lüksümüz yoxdur. Gecə-gündüz işləməliyik. Hamınızın mənə kömək etməsini istəyirəm. Birlikdə İstanbulu ayağa qaldıracağıq. İş adamlarına səslənirəm. Uşaqlara və bir sıra sosial layihəmizə dəstək olmalarını gözləyirəm. Hamını bu müddətdə səfərbərliyə dəvət edirəm”.
E.İmamoğlu daha sonra bildirib: "Biz ayrı-ayrı insanlara, partiyalara deyil, İstanbulumuza xidmət edəcəyik. Çox gözəl işlər başladacağıq. Özümü 16 milyonluq İstanbula, sizləri də Allaha əmanət edirəm. Bu sevgi ilə aşa bilməyəcəyimiz heç bir maneə olmayacaq. Hər şey çox gözəl oldu! Yaxşı ki varsınız".
Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib və İstanbul Böyükşəhər bələdiyyəsinin sədri uğrunda səsvermədə Ekrem İmamoğlu qalib gəlib. Türkiyə Ali Seçki Komissiyasının Ekrem İmamoğluna İstanbul Böyükşəhər bələdiyyəsinin sədrnin mandatını versə də, bir neçə gün sonra onu geri alıb. Belə ki, səsvermənin nəticələri hakim AKP-nin ciddi qanun pozuntuları iddiası əsasında ləğv olunub və iyunun 23-nə təkrar seçki elan olunub. Amma bu seçkilərin nəticəsinə heç bir təsir etməyib.Əksinə Ekrem İmamoğlu ikinci dəfə birincidən daha çox seçici səsi toplayıb.
Qeyd edək ki, seçkidə əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ekrəm İmamoğlu arasında gedib və seçkidən sonra Binəli Yıldırım rəqibini qələbə münasibətilə təbrik edib.