logo

Türkiyə gələn aydan "S-400" komplekslərini qəbul edəcək

14:15 25-06-2019 | icon 3010
Türkiyə gələn aydan "S-400" komplekslərini qəbul edəcək

Rusiyadan satın alınan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması carı ilin iyulunda başlayacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə  Türkiyənin NTV telekanalı məlumat yayıb. Bildirilib ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.

“Gələn aydan etibarən "S-400" komplekslərinin qəbuluna başlayırıq. Zenit-raket komplekslərinin alınması bizim suveren hüququmuzdur və buna görə də biz güzəştə getməyəcəyik”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Türkiyə və Rusiya "S-400 Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi 2017-ci ilin dekabrında imzalayıb. Sazişə əsasən, Ankara iki zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin "S-400" kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib.

Ankaranın bu addımı ABŞ və NATO-nun ciddi narazılığına səbəb olub. Birləşmiş Ştatlar"S-400 Triumf” zenit-raket komplekslərini alacağı təqdirdə Ankaranı beşinci nəsil "F-35" qırıcı-bombardmançı təyyarələrinin çatdırılması proqramından tamamilə çıxarmaqla hədələyib.

Türkiyə ən azı 100 ədəd “F-35 Lightning II” təyyarəsi almaq niyyətindədir. Sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın 2002-ci ildə qoşulduğu proqram çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, uzaq məsafəli zenit raket sistemi - "S-400 Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulur.