logo

Yaqub Zurufçu Torontoda ilin ilk konsertini verib

12:57 04-01-2018 | icon 4515
Yaqub Zurufçu Torontoda ilin ilk konsertini verib

Yüksək ifaçılığı ilə yalnız Azərbaycanın deyil, həm də Avropa və Latın Amerikası xalqlarının böyük sevgisini qazanmış dünya şöhrətli müğənni və vokal ifaçısı Yaqub Zurufçu 2018-ci ilin ilk günlərində Kanadanın ən böyük şəhərlərindən olan Torontoda geniş konsert proqramı ilə çıxış edib. Sənətçinin yeni ildə ilk konserti musiqisevərlərin böyük sevincinə səbəb olub, onlara xoş bayram ovqatı bəxş edib.  YeniAvropa xəbər verir ki, ilk konsertdən sonra Kanadanın Ontario ştatının təhsil naziri R.Moridi ölkələrarası mədəni əlaqələrin inkişafındakı xidmətlərinə, Azərbaycan musiqisi ilə Kanada sənətsevərlərini daha yaxından tanış etdiyinə görə Yaqub Zurufçunu yenidən fəxri diplomla təltif edib.

Müğənni səfər təəssüratını belə bölüşüb: “Düzü, çətinlik çəkirəm deyəm ki, konsertdən daha çox tamaşaçılar zövq aldı, sevindi, yoxsa mən. Uzun illər İranda, Almaniyada və Amerikada doğma Bakımızın, Azərbaycanın həsrəti ilə yaşadığımdan qürbətin nə olduğunu yaxşı bilirəm. Bu səbəbdən də indi Vətəndən uzaqda olan, lakin qəlbində daim Vətən sevgisini yaşadan soydaşlarımızın nələr çəkdiyini yaxşı başa düşərək öz mahnılarımla onlara təskinlik verməyə çalışdım. Mən onlar üçün Azərbaycanı, dostluğu, qardaşlığı, həm də məhəbbəti tərənnüm edən bir-çox mahnılar ifa elədim. Təbii ki, konsertin sonunda sevimli dostlarımızın xahişi ilə onların çox sevdikləri “Ayrılıq” mahnısını oxumalı oldum. Daha doğrusu, mahnının son sözlərini birgə oxuduq və birgə təsirləndik... Hər halda bu mahnını yüz dəfələrlə ifa etsəm də, onu ürəyimin dərin qatlarından keçirmədən, kövrəlmədən oxuya bilmirəm”.

Qeyd edək ki, Azərbaycan musiqisini, incəsənətini dünyanın bir çox ölkələrində layiqincə təmsil və təbliğ edən məşhur müğənninin qastrol səfərləri Kanadadan sonra ABŞ-ın Çikaqo, Los-Anceles, Hyuston şəhərlərində, həmçinin paytaxt Vaşinqtonda, daha sonra isə İngiltərənin paytaxtı Londonda da davam edəcək. Silsilə konsertlər doğma Bakıda başa çatacaq.