Hacıqabul rayonunda yağan güclü yağış və normadan artıq selin gəlməsi rayon ərazisində güclü fəsadlara səbəb olub.
YeniAvropa xəbər verir ki, bu barədə Hacıqabul rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov məlumat verib.
Onun sözlərina görə, Hacıqabulda baş verən təbiət hadisəsi günorta saatlarından başlayıb. Rayon ərazisindəki Muşov dağından gələn güclü sel və yağan intensiv yağıntılar nəticəsində şəhər mərkəzinə elektrik verilişində fasilə yaranıb. Rayon mərkəzi ilə yanaşı, Qubalı Baloğlan, Pirsaat, Udulu, Nəvahi, Qızılburun kəndində 300-dən çox təsərrüfatı su basıb.
Şəhərdaxili avtomobil yolunda gediş-gəliş çətinləşib. Bundan başqa güclü leysan nəticəsində Şirvan-Hacıqabul dəmir yolu sel sularının təsirinə məruz qalıb. Hazırda fəsadların aradan qaldırılması üçün əraziyə 50-yə yaxın müxtəlif təyinatlı texnika və canlı qüvvə cəlb edilib.