Milli Məclisin sabiq deputatı İqbal Məmmədov son 15 gündə "Kaspi Yıldız" şirkətinə görə dövlətə olan 9 milyon 393 min 819 manat 13 qəpik vergi borcunun böyük hissəsini ödəyib.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, illərdir İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə borcu olan İqbal Məmmədov parlament seçkilərindən sonra büdcəyə 8 milyon 123 min 438 manat 13 qəpik ödəyib.
Sabiq deputata məxsus "Kaspi Yıldız" şirkətində külli miqdarda vergidən yayınma halları qeydə alınıb. İqbal Məmmədov deputat seçilmədiyinə görə, cinayət məsuliyyətindən cəlb edilməsindən ehtiyatlanaraq vergi borcunun böyük hissəsini ödəməli olub.
Hazırda deputata məxsus olan şirkətin 1 milyon 270 min 380 manat 90 qəpik vergi borcu qalır. O, bu ilin sonuna qədər sözügedən borcu də ödəyəcəyi barəd öhdəlik götürüb.
Qeyd edək ki, Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədova məxsus Lerik rayonundakı "Relax" İstirahət Mərkəzinin də yaxın zamanlarda əl dəyişdirəcəyi iddia edilir.