logo

Bu gün Cəbrayıl Şəhəri Günüdür

09:02 04-10-2024 | icon 1176
Bu gün Cəbrayıl Şəhəri Günüdür

Bu gun Cəbrayıl şəhərin işğaldan azad edilməsinin dördüncü ildönümüdür. 

YeniAvropa xəbər verir ki, 2020-ci ildə Vətən müharibəsində Azərbaycan Milli Ordusu düşmən hücumunu dəf edərək əks-hücuma keçdi. Əsgərlərin və zabitlərin göstərdiyi şücaət sayəsində Füzuli və Cəbrayıl istiqamətində bir-birinin ardınca kəndlər, yaşayış məntəqələri, strateji mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Vətən müharibəsində Zəfər marafonunun bünövrəsi məhz həmin günlərdə qoyuldu.

Müharibənin səkkizinci günü – oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini eləcə də rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndlərini işğaldan azad etdi.

Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Ərazisi 1050 kvadratkilometr olan rayon erməni quldur birləşmələrinin işğalına məruz qalmışdı. Bir şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olan rayonun həmin vaxt 52 min 604 nəfər əhalisi var idi.

Ermənistanın təcavüzkar xislətinin və vandalizm hərəkətlərinin bariz nümunəsi ilə digər işğal bölgələrində olduğu kimi Cəbrayıl rayonunda da üzləşmək mümkündür. İşğal dövründə Cəbrayıl tamamilə dağıdılıb, tarixi-dini abidələri yerlə-yeksan edib. İşğal dövründə rayonun 72 ümumtəhsil məktəbi, 8 xəstəxanası, 132 tarixi abidəsi, 150 mədəniyyət ocağı, 100-ə yaxın kəndi insanlığa sığmayan vandalizm əməlləri nəticəsində tar-mar olub.

 

Ötən il iyulun 31-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.

İşğaldan azad edilmiş Cəbrayılda indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bu il sentyabrın 26-da isə Cəbrayıl şəhərinə köç başlayıb. Artıq şəhər ilk sakinlərini qoynuna alıb. İndiyədək 133 ailə, ümumən 433 nəfər öz ata-baba yurduna dönərək yeni mənzillərində yaşamağa başlayıblar.