logo

Mark Rütte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb

13:33 01-10-2024 | icon 1519
Mark Rütte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb

Niderlandın sabiq baş naziri Mark Rütte oktyabrın 1-dən NATO-nun 14-cü baş katibi vəzifəsinin icrasına başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə  alyansın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Mark Rütte bu vəzifədə on il ərzində NATO-nun baş katibi postunu tutan norveçli Yens Stoltenberqi əvəz edib.

Səlahiyyətin təhvil verilməsi mərasimi NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Şurasının xüsusi iclasında baş tutub.

Səlahiyyətlərini təhvil verən Yens Stoltenberq 2014-cü ildə alyansa rəhbərlik etməyə başlayanda NATO-nun “Ukraynaya yalnız kiçik dəstək verdiyini, lakin indi bu dəstəyin kütləvi olduğunu və koordinasiya üçün xüsusi qərargahın yaradıldığını bildirib.

Vəzifəni təhvil alan Mark Rütte isə Ukrayna müharibəsini və alyansın müdafiə xərclərinin artırılmasını prioritet hesab etdiyini deyib.

“Prioritetlərimiz dəyişməz olaraq qalır. Biz Ukraynanın müstəqil demokratik dövlət kimi qalmasını təmin etməliyik. Müdafiə və çəkindirmə imkanlarımız baxımından xərcləri artırmalı, kollektiv müdafiə gücümüzü genişləndirməliyik”, - deyə NATO-nun 14-cü baş katibi vurğulayıb.

Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunması üçün dünyanın müxtəlif bölgələrində NATO tərəfdaşlıqları inkişaf etdirilməlidir.