Sentyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə iki ölkə arasında mövcud siyasi, iqtisadi, enerji, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri, eləcə də regional məsələlər müzakirə edilib.
Nazir Ceyhun Bayramov Andrey Sibiqanı xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə təbrik edib.
Görüşdə hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyin dəstəklənməsi ilə bağlı göstərilən davamlı mövqenin əhəmiyyəti qeyd olunub.
Azərbaycanın Ukraynaya humanitar yardım fəaliyyəti, o cümlədən bərpa və yenidənqurma işlərinə göstərilən dəstək yüksək qiymətləndirilib.
Tərəflər iki ölkə arasında mövcud siyasi dialoqu ikitərəfli siyasi-diplomatik əlaqələrin inkişafına töhfə verən əsas amillərdən biri olaraq dəyərləndiriblər.
Görüşdə, eyni zamanda, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yeni əməkdaşlıq imkanlarından bəhs olunub.
Ceyhun Bayramov qarşı tərəfi işğaldan azad edilmiş ərazilərimizdə postmünaqişə dövründə aparılan bərpa-yenidənqurma işləri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti barədə məlumatlandırıb.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.