18 sentyabr-Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
YeniAvropa xəbər verir ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümü tamam olur.
Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Musiqi Günü münasibətilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış ifaçı və kollektivlər iştirak edəcəklər. Festival çərçivəsində Bakı ilə yanaşı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim olunacaq.
Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təqdimatında “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi reallaşacaq.
Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq.
Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Əməkdar artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor: Xalq artisti Gülbacı İmanova) çıxış edəcək. Solistlər Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasımov (tenor), İnarə Babayeva (soprano) və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) ifalarını təqdim edəcəklər.
Həmçinin bütün ölkə üzrə Heydər Əliyev mərkəzləri və kinoteatrlarda Üzeyir Hacıbəylinin əsərləri əsasında lentə alınmış bədii filmlərin nümayişi, xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 116 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.
Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası “Ər və arvad(O olmasın, bu olsun)”dlr. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.
Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.
Sumqayıtda 58 yaşlı qadın toyda ölüb
Azərbaycan diasporu Pokrovskaya yarmarkasında iştirak edib
Sel suları Hacıqabulda ciddi fəsadlar törədib
"U-21" millimiz Şimali İrlandiyaya məğlub olub
İzmir və İstanbulda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
Əbu-Dabi “Böyük Dəbilqə”si:Cdoçumuz qızıl medal qazanıb
Gələn ildən ilk mərhələdə Turşsuya 50 ailə köçürüləcək
Əbu-Dabi “Böyük Dəbilqə"si: Cüdoçumuz qızıl görüşünə çıxacaq
Qubada ağır avtoqəza:Ölən var
“Mingəçevir Reqatası-2024”ün rəsmi açılışı Füzulidə keçiriləcək
Sahibkarlar Prezident İlham Əliyevdən imdad diləyirlər: Bizi bank soyğunçuluğundan xilas edin!
Yaxud “Bank of Baku“ ilə hakimlərin marağı harada toqquşur?
Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir
Milli Məclis Niderland parlamentinin Nümayəndələr Palatasının qətnamələrinə münasibət bildirib
Slovakiya millisi Bakıya ciddi itki ilə gəlir
Sabah Bakıda qısamüddətli yağış yağacaq,22° isti olacaq
Ölkədaxili sərnişin qatarlarında sürət həddi endirilib
“Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium keçirilir
İlham Əliyev İspaniya kralını təbrik edib
Azərbaycan nefti 80,63 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Sabiq deputat İqbal Məmmədov 10 milyonluq vergi borcunun bir hissəsini ödəyib
Xəzər dənizində zəlzələ baş verib
XIN Niderland Parlamentinin iki qətnaməsini pisləyib
İlham Əliyev Tunis prezidentini təbrik edib
ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib